Narahatedici xəstəlik
Hyperemesis gravidarumu anlamaq
Səhər ürəkbulanmasından fərqli olaraq, hyperemesis gravidarum hamiləliyin normal bir hissəsi deyil, ciddi ağırlaşmasıdır. Hyperemesis gravidarumu müəyyən və müalicə etmək çox vacibdir və bundan əziyyət çəkən qadınların dəstəyə ehtiyacı var. Həyat yoldaşlarının bu çətin vəziyyətlə mübarizədə gələcək analara dəstək verməsi əhəmiyyətli rola malikdir.
Hyperemesis gravidarum nədir?
Hyperemesis gravidarum, qısa olaraq HG ciddi hamiləlik ağırlaşmasıdır. Geniş yayılmış səhər ürəkbulanmasının əlamətləri olan ürəkbulanma və qusma ilə xarakterizə olunsa da, əslində daha ciddi hal alır və qadınların müşahidə etdikləri başqa simptomlarla da müşayiət olunur.
HG ürəkbulanması o qədər şiddətli ola bilər ki, qadınlar özlərini sanki zəhərlənmiş kimi hiss edə bilərlər və bu, gecə-gündüz azalmadan davam edə vilər. HG zamanı qusma halları gün ərzində 50 dəfəyədək ola bilər və bu, son dərəcə bezdiricidir. Maraqlıdır ki, davamlı olaraq qusmaya məcbur olan gələcək analar bunu hamiləliyin ən pis tərəfi kimi təsvir edirlər.
Həddən çox ürəkbulanma və qusmaya əlavə olaraq, qadınlar kəskin qoxu hiss edirlər, bu isə yemək yeməyi çətinləşdirir. Bundan əlavə çoxlu miqdarda ağız suyu yarana bilər və müntəzəm olaraq tüpürmək ehtiyacı hiss edə bilərsiniz; bu, ptializm adlanır, çox bezdirici və sıxıcı ola bilər.
HG orta dərəcəli hamiləlik ürəkbulanmasından nə ilə fərqlənir?
Qadınların çoxu hamilə olduqlarını öyrəndikləri zaman səhər ürəkbulanmasından əziyyət çəkəcəklərini gözləyirlər. Hətta bəziləri bu halı səbirsizliklə gözləyir və qarınları böyüməyə başlayana qədər bunu hamiləliyin inkişafının arxayınlaşdırıcı əlaməti kimi qəbul edirlər.
Əgər sizin simptomlarınız gözlədiyinizdən daha şiddətlidirsə, o halda HG yolunda ola bilərsiniz. Yaşadığınız vəziyyətin normal, orta dərəcəli, yoxsa ciddi olduğunu öyrənmək üçün Hamiləlik Ürəkbulanması Dəstək Mərkəzinin hazırladığı simptomlar cədvəlinə nəzər salın.
HG həmçinin səhər ürəkbulanmalarından daha uzun davam edə bilər və əlamətləri adətən 12-ci həftədə deyil, təxminən 20-ci həftədə azalır. Bəzi qadınlarda simptomlar doğuş qədər davam edə bilər, amma əksəriyyəti təxminən 20-ci həftədə yaxşılaşma hiss edirlər.1
HG ilə bağlı nə etməliyəm?
HG-dən əziyyət çəkirsinizsə, ən vacib şey tibbi yardım almaqdır. Müxtəlif müalicə üsulları mövcuddur və həkiminiz məhz sizin üçün uyğun olan üsulu tapmağa çalışmalıdır. Hamiləlikdə ürəkbulanma, qusma və hyperemesis gravidarum ilə bağlı bəzi təlimatları çap edərək, onları həkiminizlə müzakirə edə bilərsiniz.
Bundan başqa Hamiləlik Ürəkbulanması Dəstək Mərkəzi də bəzi analar üçün simptomları yüngülləşdirməyə kömək edən özünəyardım və sağalma çarələri müəyyənləşdirib. Amma unutmayın ki, eyni olan hamiləlik yoxdur və bir hamilə qadın üçün keçərli olan üsul başqası üçün uyğun olmaya bilər, odur ki, özünüz üçün düzgün vasitəni tapın.
HG və psixoloji vəziyyət
HG-nin psixoloji hal olmadığını və heç bir pozitiv düşüncənin onun qarşısını almaq gücündə olmadığını bilirik, amma o, psixi sağlamlığınıza böyük ölçüdə zərər verə bilər. Həftələrlə, bəzən isə aylarla davam edən ürəkbulanma və qusmalar hər kəs üçün psixoloji cəhətdən çətindir və bu, bir çox qadının yaşadığı normal hamiləliyin mürəkkəbləşməsinə səbəb ola bilər.
Gələcək ata üçün tövsiyə
HG gələcək valideyn üçün qorxuducu və dəfedilməz hal ola bilər. Həyat yoldaşınızın normal, sağlam həyatının bir neçə günün içində dəyişildiyini və ciddi şəkildə xəstələndiyini görmək özünüzü itirməyinizə və mütəəssir olmağınızla nəticələnə bilər, bu isə ona necə kömək edəcəyinizdən əmin olmamağa səbəb olar.
Hər şeydən əvvəl bu vəziyyətə əhəmiyyət verməməkdən ehtiyatlı olun. Son nəticədə hər şey keçsə belə, simptomlar olduqca əziyyətli ola bilər. Həyat yoldaşınızın daha çox dincələ bilməsi üçün ona ev işlərində və digər uşaqlarınızın qayğısına qalmaqda mümkün qədər çox kömək edin. İstirahət etmək simptomların azaldılmasında ən əsas açardır.
Bu vəziyyətdə hamilə qadın üçün həyat yoldaşının oynayacağı ən vacib rollardan biri onun vəkili olmaqdır. Onunla birlikdə həkim qəbullarında olun və həkimin həyat yoldaşınızın vəziyyətini tam anladığından əmin olun. Əgər bacarsanız, kəmiyyət göstəricili dəlillər gətirin, məsələn, “O, gün ərzində 200 ml su içdi” və ya “Təkcə bu səhər 10 dəfə qusub” və s.
Müəllif: Caitlin Dean
Hyperemesis gravidarumdan üç dəfə qurtulan Caitlin Dean indi özünü mətbuatda bu hal ilə bağlı məlumatlandırmanın artmasına həsr edir, bu xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərir, özünün Spewing Mummy adlı bloqunda, sağlamlıq jurnallarında bu mövzu ilə əlaqəli məqalələr yazır. Qeydiyyatdan keçmiş tibb bacısı və Hamiləlik Ürəkbulanması Dəstək Mərkəzinin Böyük Britaniyada yardım dərnəyinin sədri kimi HG barədə araşdırmalar və peşəkar təlimlərdə iştirak edir. O, həmçinin bu hal ilə bağlı iki kitabın müəllifidir.
1. Pregnancy Sickness Support. Survey of women’s experience of hyperemesis gravidarum. 2013.
Son baxış: 4 oktyabr 2016
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.