Doğuşa hazırlıq və planlama

Oxuma müddəti: 4 dəqiqə

Nəhayət ki, vaxt gəlib çatanda həyat yoldaşı olaraq özünüzü əmin hiss etməyiniz hazırlıq və planlaşdırmadan asılıdır. Doğuşun nə demək olduğunu başa düşməklə siz təkcə həmin gün oynayacağınız ikinci dərəcəli rola hazır olmayacaqsınız, həm də həyat yoldaşınıza doğuş seçimləri ilə bağlı qərar verməsinə kömək edəcəksiniz.

Sizin və həyat yoldaşınızın doğuş seçimləri

Gələcək valideynlərin istifadə edə biləcəyi bir neçə doğuş seçimləri var – bu qərar həyat yoldaşınızın özünü hansı ilə ən çox rahat hiss edəcəyindən, ananın və ginekoloqun körpəniz üçün hansının ən yaxşı olduğunu düşündüklərindən asılıdır.

  • Xəstəxana doğuşu – qadınlar arasında geniş yayılmış seçim. Xəstəxanada xüsusi qayğı halları üçün həkim və ginekoloqların yanınızda olması sizə əlavə əminlik verəcək.
  • Evdə doğuş – əgər həyat yoldaşınız körpəni ona daha rahat və tanış mühitdə dünyaya gətirmək istəyərsə, evdə doğuş seçimi ola bilər. Həyat yoldaşınıza ev şəritində epidural anesteziya edilməsi mümkün olmayacağı üçün və fövqəladə yardıma ehtiyac olarsa, xəstəxanaya aparılmaq ehtimalı olduğuna görə, bu qərar ginekoloqla birlikdə verilməlidir.
  • Doğuş mərkəzləri – bu yerlər xəstəxanaya nisbətən daha rahat, evsayağıdır və birbaşa doğuş ehtimalı daha çoxdur. Adətən doğuş mərkəzlərində ailəvi palata, hovuz və əlavə terapiyalar kimi sizin ərazi xəstəxananızda mövcud olmayan xidmətlər təklif olunur.
  • Suda doğuş – doğuş hovuzları uşaqlıq boşluğu mühitini imitasiya etmək üçün istifadə olunur, bu da doğuşun daha az stresli olması və körpənin daha az şok keçirməsi mənasına gəlir. Doğuş hovuzu kirayə edə biləcəyiniz halda, həyat yoldaşınız yuxarıda sadalananların hər birində, hətta evdə də hovuz doğuşu gerçəkləşdirə bilər.

Hamiləlik müddətində hər hansı bir sağlamlıq problemi və ya ağırlaşma müşahidə edilmədiyi halda doğuş seçimləri barədə qərar vermək bilavasitə sizdən və həyat yoldaşınızdan asılıdır. Siz və həyat yoldaşınız son dəqiqədə belə fikrinizi dəyişməkdə sərbəstsiniz və tibbi heyət qərarınıza uyğunlaşmaq üçün əlindən gələni edəcək. Həyat yoldaşınızın nəyi istəyib-istəmədiyi barədə qəti qərar verdiyinə əmin olun, bununla hamilə həyat yoldaşınız məşğul olarkən siz onun yerinə qərar verə biləcəksiniz.

Doğuş əlamətlərini müəyyən etmək

pregnancy mum dad hands on bump floor 2

Müəyyən əlamətlər var ki, siz onlar vasitəsilə həyat yoldaşınızda doğuş sancılarının başlandığını müşahidə edəcəksiniz. Bu əlamətlər çox güman ki, həyat yoldaşınıza məlum olsa da, sizin də bilməyiniz faydalı olar:

  • İntensivliyi getdikcə artan sancılar
  • Belin aşağı hissəsi və qarnın altında ağrılar
  • Vaginadan çıxan selik tıxacı
  • Suyun açılması – amma bu, doğuş ərəfəsində müxtəlif vaxtlarda baş verə bilər

Əgər həyat yoldaşınız doğuş sancılarının olduğunu zənn edirsə, mama-ginekoloqa zəng etmək zamanıdır. Sizdə mama-ginekoloqun telefon nömrəsinin olduğundan əmin olun, çünki həyat yoldaşınızın əvəzinə sizin zəng etməyiniz ehtiyacı yarana bilər. Əgər həyat yoldaşınız doğuşun evdə olmasına qərar verməyibsə, mama-ginekoloq xəstəxanaya nə vaxt gəlməli olduğunuzu bildirəcək. Sancıların müddətini və tezliyini ölçməyiniz və bu məlumatları mama-ginekoloqa bildirməyiniz onun doğuş prosesini daha aydın izləməsinə kömək edər.

Xəstəxanaya getmək

Xəstəxanaya gedərkən həyat yoldaşınızı müşayiət etmək və ya avtomobil sürmək sizdə əlavə təzyiq yarada bilər, amma bu günə hazırlaşmağın yolları var:

  • Tıxacın olması ehtimalını nəzərə alaraq xəstəxanaya gedən müxtəlif yolları tanıyın.
  • Yolu nə qədər müddətə qət edəcəyinizi bilməyiniz üçün əvvəlcədən bu yolları sınaqdan keçirin.
  • Parkinq şəraitini yoxlayın və ödəniş tələb olunacaqsa, özünüzlə pul götürdüyünüzdən əmin olun.
  • Uşaq oturacağını avtomobildə yerləşdirməyi öyrənin.
  • Uşaq oturacağı təlimatını əvvəlcədən avtomobilinizdə saxlayın ki, həmin gün evdə unutmayasınız.

Xəstəxana çantası

Çox güman ki, həyat yoldaşınızın xəstəxana çantası doğuşa bir neçə həftə qalmış artıq hazır olacaq. Bununla belə, sancılar başlayanda onun fikri başqa yerdə ola bilər, buna görə də evdən çıxarkən doğuş planı və hamiləlik qeydlərini götürdüyünüzdən əmin olun.

Unutmayın ki, ən xırda əşyalar da lazımınız ola bilər. Siz özünüz üçün içində aşağıdakılar olan ayrı çanta hazırlaya bilərsiniz:

  • Dəyişək paltar.
  • Diş məcunu və fırçası, dezodorant kimi gigiyenik vasitələr.
  • Əlüstü qidalar və su.
  • Parkinq üçün xırda pul.
  • Qəbul etdiyiniz hər hansı bir dərman vasitəsi.
  • Ağrıkəsicilər – onlara həm sizin, həm də həyat yoldaşınızın ehtiyacı ola bilər.
  • Kamera – batareyasının tam dolu olmasına diqqət edin.
  • Enerji ilə tam dolmuş telefon – sancı müddətini hesablamaq üçün sekundomer tez-tez gərəyiniz ola bilər.
  • Doğuşun uzun çəkəcəyi hal üçün bir qədər əyləncə – musiqi, kitab, hətta film yükləmək.

Xəstəxanaya çatanda

Xəstəxanaya çatanda ilk iş həyat yoldaşınızın ginekoloq tərəfindən yoxlanılması olacaq. Ginekoloq doğuşa hələ çox qaldığına qərar verərsə, həyat yoldaşınızın daha rahat mühitdə olması üçün sizə evə qayıtmağı tövsiyə edə bilər.

Əgər xəstəxanada qalsanız, həyat yoldaşınıza palatada çarpayı veriləcək və mama-ginekoloq doğuş planını burada onunla müzakirə edəcək. Bu müzakirədə iştirak edin ki, sizi nəyin gözlədiyini biləsiniz. Doğuş başlayan ərəfədə isə həyat yoldaşınızı doğuş otağına keçirəcəklər.

Əgər xəstəxanaya çatdığınız an artıq doğuş başlayarsa, həyat yoldaşınız birbaşa olaraq doğuş otağına aparılacaq və mama-ginekoloq burada onunla doğuş planını müzakirə edəcək. Bu mərhələdə hər şey sürətlə irəliləyərsə, sizin müdaxilə etməyiniz lazım gələcək, odur ki, həyat yoldaşınızın aşağıdakı seçimləri barədə məlumatlı olduğunuzdan əmin olun:

  • Ağrıkəsici.
  • Doğuş vəziyyəti.
  • Körpə dünyaya gələrkən dəri təması.

Qeysəriyyə əməliyyatına ehtiyac olarsa

Bəzi qadınlar hamiləliyin daha erkən dövrlərində qeysəriyyə əməliyyatına ehtiyacları olacağını güman edirlər, amma doğuşun həm ana, həm də körpə üçün riskli olduğu düşünülərsə, bu barədə doğuş ərəfəsində məlumat verilir. Əgər həyat yoldaşınızın qeysəriyyə əməliyyatına ehtiyacı varsa, təlaşa düşməyə ehtiyac yoxdur. Bu, adətən bir saat çəkən adi prosesdir və həyat yoldaşınız etibarlı əllərdə olacaq. Əməliyyatdan sonra sağalma altı həftə çəkə bilər, buna görə də həyat yoldaşınıza evdə daha çox dəstək göstərməyinizə ehtiyac var.

NÖVBƏTİ ADDIMLAR

  • Həyat yoldaşınızla hansı doğuş seçimlərinə üstünlük verdiyi barədə danışın
  • Doğuş əlamətlərini öyrənin
  • Xəstəxanaya gedən alternativ yolları nəzərdən keçirin
  • Həm özünüzün, həm də həyat yoldaşınızın xəstəxana çantası üçün siyahı tutun
  • Həyat yoldaşınızın doğuş planından xəbərdar olun
  • Doğuşa hazır olduğunuz barədə həyat yoldaşınızda əminlik yaradın

National Institute for Health and Care Excellence. Midwife-led units safest for straightforward birth [Online]. 2014. Available at: https://www.nice.org.uk/news/article/midwife-led-units-safest-for-straightforward-births [Accessed May 2020]

Son baxış: 20 may 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x