Hamiləlik dövründə duz

Oxuma müddəti: 9 dəqiqə

Duz gündəlik qəbul etdiyimiz əvəzedilməz bir mineraladır və bədəndə maye miqdarını, əzələ və sinir funksiyalarını qorumaq üçün lazımlıdır.1-3 Hamiləlikdə vücudunuzdakı maye səviyyəsi inkişaf etməkdə olan körpənizi dəstəkləmək üçün dəyişir və duz maye səviyyəsini nizamlamağa və qorumağa kömək etməkdə vacib rol oynayır.1 Amma nə qədər duz kifayətdir və nə qədəri çoxdur? Vacib funksiyanı yerinə yetirməsinə baxmayaraq, hamiləlik dövründə sağlam qidalanma üçün çox az miqdarda duza ehtiyac var.2 Nə qədər duz qəbul etməli olduğunuzu və hamilə olarkən duz qəbulunuzu azaltmağın yollarını öyrənmək üçün oxumağa davam edin.

Natrium ilə duz arasındakı fərq

Duz iki maddədən ibarətdir: natrium və xlorid. Qida dəyərini göstərən bəzi yarlıqlarda həm duz, həm də natrium qeyd edilərkən, bəzilərində təkcə natrium yazılır. Təkcə natriumun miqdarı göstərilən məhsulların tərkibində nə qədər duz olduğunu bilmək üçün həmin rəqəmi 2,5-ə vurmaq lazımdır.2

Hamiləlik dövründə yodlaşdırılmış duz

salt in pregnancy

Bəzi duzlar körpənizin beyin inkişafına töhfə verən mineral olan yodla zənginləşdirilir. Araşdırmalar göstərir ki, bəzi hamilə qadınlar bu vacib qidalandırıcını kifayət qədər qəbul etmir, buna görə də mətbəxdə yodlaşdırılmış duzdan istifadə etmək yod qəbulunu dəstəkləməyə kömək edə bilər.4

Mütəxəssislər hamilə qadınların təkcə qidalanma ilə kifayət qədər yod ala biləcəklərini və hər hansı bir yod əlavəsinə ehtiyac olmadığını bildirirlər.5 Yod ilə zəngin qidalar arasında bəzi balıqlar, qabıqlı dəniz məhsulları, yumurta və taxıllar var.5 Hamilə olarkən hansı balıqları və qabıqlı dəniz məhsullarını yeyə biləcəyiniz barədə və hamiləlik dövründə yumurta yeməklə bağlı qaydaları öyrənin.

Hamilə qadın nə qədər duz qəbul etməlidir?

Hamiləlik dövründə sağlam duz qəbulu digər vaxtlardakı miqdar ilə eynidir.

Böyüklərin normal bədən funksiyaları üçün gündə 1 qramdan az duza ehtiyacı var və mütəxəssislər gündə maksimum 6 q qəbul etməyi tövsiyə edirlər; bu, təxminən bir çay qaşığı ölçüsündədir və 2,4 q natriuma bərabərdir.6

Hamilə olarkən sağlam pəhrizin nə qədər vacib olduğunu hamımız bilirik və əgər gündəlik qəbul etdiyiniz duz miqdarı 6 qramdan azdırsa, pəhrizinizi xüsusi olaraq uyğunlaşdırmağa ehtiyac yoxdur.

Amma qəbul etdiyiniz duz miqdarının daha yüksək olduğundan şübhələnirsinizsə, məhsulların qida dəyəri yarlığında duz və ya natrium miqdarını yoxlayaraq gündəlik qəbulunuza nəzarət edə bilərsiniz.

Hamilə olarkən həddən artıq duz qəbul etdikdə nə baş verir?

Bəzən insanlar tövsiyə edilən miqdardan daha çox qəbul edirlər, çünki yeyilən qidalarının çoxuna duz əlavə edilir. Qəbul edilən duzun təxminən 75-80%-i hazır yeməklərdə, çatdırılan qidalarda və restoran yeməklərində gizlənir.7

Yüksək miqdarda duz qəbulu qan təzyiqinə təsir edə bilər.2 Duz böyrəklərdən təsirsiz ötüşmür və bədənin su saxlamasına səbəb olur. Bu əlavə maye daha çox qan həcminə səbəb olur və qan təzyiqinin yüksəlməsi ilə nəticələnir.1 Buna görə də hamiləlik dövründə az miqdarda duz qəbul etmək qan təzyiqinin sağlam nizamda saxlanılmasına, insult riskini azaltmağa, ürək problemləri və digər hallara kömək edə bilər.1-3

Hamiləlik dövründə duz qəbulunu necə azaltmalı?

İllərlə çox duzlu qidalar yemək və hətta orta miqdarda duz qəbul etdikdən sonra, az miqdarda duz olan qidalar dadsız gələ bilər.7

Xoş xəbər odur ki, dad tumurcuqlarının duzsuz qidaların təbii dadına uyğunlaşması və onları qəbul etməyə başlaması üçün sadəcə üç həftə lazımdır. Buna görə də, duzu azaltmağa ehtiyacınız varsa, səbirli olun və yeməklərin dadının tezliklə yenidən gözəl olacağını unutmayın.7

Hamilə qadınlar üçün az duzlu qidalar

Hamilə olarkən duz qəbulunu azaltmağın bəzi üsulları:

  • Əvvəlcədən qablaşdırılmış yeməklərdəki duz səviyyəsini yoxlayın və hər 100 qrama 1,5 q-dan az duzu hədəf olaraq götürün.
  • Dondurulmuş pizza, ketçup və ya səhər yeməyi yarmaları alarkən duzu azaldılmış olanları seçin.
  • Hisə verilmiş balıq, salyami kimi hisə verilmiş ət, vetçina kimi ət delikatesləri yüksək miqdarda duzlu ola bilər, onları tez-tez yeməkdən çəkinin. Hamilə olarkən hansı əti yeyə biləcəyiniz və uzaq durmalı olduğunuz qidalar barədə öyrənin.
  • Soya sousu, xardal, turşu, mayonez və digər süfrə souslarından istifadəni məhdudlaşdırın, çünki bunların hamısı yüksək miqdarda duza malik olur.
  • Duz miqdarı yüksək ola biləcəyi üçün pendir yeməyi azaldın. Hamiləlik dövründə hansı pendirləri yeməyin təhlükəsiz olduğunu öyrənin.
  • Duz əlavə edilməyən konservləşdirilmiş tərəvəz və paxlalıları alın.
  • Pomidor əsaslı souslar adətən pendirli souslar və ya zeytun, bekon və ya vetçina əsaslı souslara nisbətən daha az duzlu olur.
  • Qabıqlı çərəzlər yeyirsinizsə, duzsuz olanlarını alın. Daha sağlam çərəzlər üçün isə bir ovuc çiyələk və ya bir neçə kök kimi meyvə və tərəvəzlərə üstünlük verin.

Az duzlu bişirmək üçün tövsiyələr

  • Duz qəbulunu azaldarkən yeməyinizi ləzzətli eləməyin bir neçə yolu var.
  • Yemək bişirərkən və hazırladıqdan sonra avtomotik olaraq duz əlavə etməkdən çəkinin. Ədviyyat əlavə etməmişdən əvvəl yeməyin dadını yoxlayın, ola bilər ki, duza ehtiyac yoxdur.
  • Yeməyinizi sadəcə bibərlə ləzzətli eləməyə çalışın, bu, demək olar ki, bütün yeməklərdə işə yarayır.
  • Makarona, tərəvəzli və ət yeməklərinə sarımsaq, çili və ya zəncəfil kimi təzə otlar və ədviyyatlar əlavə edin, qızardılmış kartofa limon suyu sıxmağı sınayın.
  • Tərəvəzləri sobada bişirmək və ya qızartmaq onların ləzzətini artırmağa kömək edəcək. Qırmızı bibəri, pomidoru, kabakı və şüyüdü müxtəlif təzə otlar, sarımsaq və “ekstra virgin” zeytun yağı ilə qızardın.
  • Hazır bulyon kubları və tozu əvəzinə ət suyundan və ya özünüzün hazırladığı sousdan istifadə edin. Yaxud tərkibində az duz olanını alın.

Çöldə yemək tövsiyələri

  • Restoranda yemək yeyərkən və ya hazır yemək alarkən onların tərkibindəki duz miqdarını yoxlamaq çətin ola bilər. Çöldə yemək yeyərkən diqqət etməli olduğunuz bəzi məqamlar var.
  • Pizza seçərkən pepperoni, bekon və ya pendirli əvəzinə tərəvəzli və ya toyuq əti ilə olanını seçin.
  • Makaron üzərinə bekon, pendir və ya sosis qoymaqdan çəkinin. Toyuqlu və ya tərəvəzli pomidor sousu sifariş edin.
  • Cazibəli görünsə də, hamburqerə bekon, pendir və ya barbekü sousu kimi həddən artıq əlavələr etməyin və çips əvəzinə salata üstünlük verin.
  • Plov və ya yumurta ilə qızardılmış düyü əvəzinə duzu daha az olduğu üçün sadə düyü sifariş edin.
  • Vetçinalı və ya pendirli sendviçdən uzaq durun və toyuq, avokado və ya qızardılmış bibərlisini seçin. Bundan başqa, turşu və ya xardal əvəzinə yağı azaldılmış mayonezə üstünlük verin.
  • Salat sifariş verərkən bəzi sousların duz və yağ səviyyəsi yüksək olduğu üçün qarnir əlavə edilməsini istəyin.

  1. British Dietetic Association. Food Fact Sheet: Salt and Health [Online]. 2016. Available at: www.bda.uk.com/resource/salt.html [Accessed February 2020]
  2. NHS. Salt: the facts [Online]. 2015. Available at: www.nhs.uk/Livewell/Goodfood/Pages/salt.aspx [Accessed February 2020]
  3. Action on salt. Salt and your health [Online]. Available at: www.actiononsalt.org.uk/salthealth/index.html [Accessed February 2020]
  4. Glinoer D. The importance of iodine nutrition during pregnancy. Public Health Nutr 2007;10(12A):1542-1546.
  5. WHO. Iodine supplements could help mums, babies and the economy. [Online]. 2015. Available at: https://www.who.int/  [Accessed February 2020]
  6. Action on salt. Myths and Frequently Asked Questions [Online]. Available at: www.actiononsalt.org.uk/less/faqs/index.html [Accessed February 2020]
  7. Action on salt. How to reduce your salt intake [Online]. Available at: www.actiononsalt.org.uk/less/reducing-intake/ [Accessed February 2020]

Son baxış: 29 may 2020

Nutricia-nın Tibbi və Elmi İşlər Komandası tərəfindən nəzərdən keçirilib

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x