Xülasə
İş körpənizin yuxu rejimini nizama salmağa gələndə, gözləntilərinizlə bağlı realist olmağınız vacibdir. O, hələ çox körpə olduğu üçün instinktlərinin ona dediyi vaxt yatır, oyanır və yeyir. Amma bir neçə həftədən sonra onu gecə və gündüz kimi sadə anlayışlarla tanış etmək mümkündür və bu, daha sonra yuxu rejimini formalaşdıranda kömək edə bilər.
Körpənizi gecə boyunca necə yatızdıra bilərsiniz
Hər körpənin yuxu rejimi fərqlidir, amma yeni doğulan körpəniz hansı qaydanı izləsə də, yaxşı yuxu vərdişlərini inkişaf etdirmək üçün bəzi tövsiyələrimiz var.
İşarələri öyrənmək
Həddən artıq yorğunluq körpənizin yuxuya getməsini çətinləşdirə bilər, buna görə də onun nə vaxt yatmağa hazır olduğunu bilmək vacibdir. Onun yorulduğunu tədricən instinktiv olaraq biləcəksiniz, amma o vaxta qədər ağlama, gözlərini ovuşdurma, qulaqlarını dartma və gözlərinin altında zəif tünd halqaların olması kimi əlamətlərə diqqət yetirmək vacibdir.
Gecə yedizdirmə tövsiyəsi
Tələb etməsindən asılı olaraq, ilk üç ayda körpənizin gecə qidalanmasına ehtiyacı olacaq və çox güman ki, altı ayına qədər gecələr ən azı bir dəfə yemək istəyəcək. Bəzi körpələr ilk doğum günlərinə qədər gecə qidalanmasına ehtiyac duyurlar. Körpələr əmizdirilərkən yatmağı sevirlər və bu, ilk bir neçə ayda onunla bağlılıq yaratmağınız üçün əla fürsətdir.
Klaster qidalanma nədir?
“Klaster qidalanma” xüsusi qidalanma rejimini, körpənin günorta və ya axşamdan gecə yatma saatına qədər bir neçə saat ərzində tez-tez – demək olar ki, davamlı olaraq – qidalanmasını təsvir edən termindir.
“Yuxu yeməyi” nədir?
Yuxu yeməyi körpənizin daha uzun müddətli yatmasına kömək edə və sizin üçün daha asan yuxu rejimini təqdim edə bilər. Körpəniz yatandan üç və ya dörd saat sonra sakitcə yedizdirmək üçün onu yarıyuxulu oyadın. Buradakı məqsəd ondan ibarətdir ki, körpənizin qarnını o tam oyaq və ayıq olmadan doldurursunuz; yedikdən sonra daha rahat yuxuya getməlidir.
Körpələr üçün südlü qatışıq onların daha uzun müddətli yatmasına kömək edir?
Körpələr üçün südlü qatışığın körpələrin daha uzun müddətli yatmalarına səbəb olduğunu təsdiqləyən heç bir sübut yoxdur və istənilən potensial üstünlükdə ana südü ilə qidalanmanın faydalarının çəkisi daha ağırdır. Praktiki olaraq da şüşə qabda yemək hazırlamaq üçün yatağınızdan qalxmağınız sizi daha çox oyandıracaq, nəinki çarpayıda döş ilə yedizdirmək.
Gecə ilə gündüz arasındakı fərqi gücləndirmək
Xoşunuza gəlsə də, gəlməsə də, ilk bir neçə ayda körpənizin qrafikindən asılı olacaqsınız. Amma ilk həftələrdən başlayaraq yavaş-yavaş ona gecə ilə gündüzün fərqini öyrətməyə başlaya bilərsiniz. Gündüzlər pərdələri açıq saxlayın, gəzintiyə çıxın, körpənizi oyaq və aktiv olmağa həvəsləndirin, onunla mümkün qədər çox oynayın.
Gecə düşəndə isə evinizi daha sakit və səssiz, az işıqlı və az aktiv vəziyyətə gətirin. “Black Out” jalüzləri hətta yayda belə evinizdə işığa nəzərət etməyinizə kömək edər.
Fərq dərhal hiss olunmasa da, bu, körpənizə gecənin yatmaq üçün ən düzgün vaxt olduğunu öyrənməsinə kömək edəcək.
Körpəni həmişə çarpayıya ayaqları çarpayının aşağısında olacaq şəkildə arxası üstdə qoymaq lazımdır.
Bələmək nədir?
Bələmək körpənizi nazik bir ədyal ilə etibarlı şəkildə sarımaqdır, bununla o özünü sanki baramanın içində və təhlükəsiz hiss edəcək. Bəzi körpələr bələnməyi xoşlayırlar və bu onları rahatlaşdırır. Amma digər aktiv olan körpələr bunu xoşlamırlar. Körpənizi bələmək istəsəniz, onun bud və ayaqlarının hərəkətliliyini çox məhdudlaşdırmadığınıza diqqət edin, çünki bu, bud-çanaq oynağı problemlərinə səbəb ola bilər. Həmçinin körpənizə çox isti olmadığından da əmin olun.
Əmzik necə fikirdir?
Əgər körpəniz sormağı xoşlayırsa və ac deyilsə, əmzik onu sakitləşdirə bilər. Amma diqqət edin ki, əmzik tez-tez körpənizin ağzından düşə bilər və qaranlıqda əmzik axtarışına çıxmaqla yenə də sizi əvvəlki kimi yuxudan oyandıra bilər.
Gəzmə vaxtı
Körpənizi yatızdırmaq üçün onu maşında gəzdirmək və ya məhəllənin ətrafında gəzməyə cəhd edə bilərsiniz. Bu, çox vaxt işə yaraya bilər, amma xəbərdarlıq edək ki, müntəzəm etdiyiniz halda körpəniz bunu gözləməyə başlayacaq və tərgidilməsi çətin olan vərdişə çevriləcək.
Yuxu rejimini təqdim etmək
Təxminən səkkizinci həftədə rahat, sakitləşdirici yuxu rejimi formalaşdırmağa başlaya bilərsiniz. Hər gecə eyni vaxtda çimmək, sakitcə qucaqlaşmaq, nağıl danışmaq və ya layla demək körpənizin yatmaq vaxtının gəldiyini başa düşməsinə kömək edə bilər.
Körpəniz böyüdükcə uzun günlərin öhdəsindən gəlməkdə ona və sizə kömək etmək üçün qaydaya salınmış gündüz yuxu rejimini tətbiq etməyə başlaya bilərsiniz. Gündüzlər yatmasının körpənizin gecə yuxusuna təsir edəcəyini düşünə bilərsiniz, amma çox vaxt bunun əksinə olaraq, daha yaxşı yatmasına kömək edir. Hər gün müəyyən şeyləri eyni qayda ilə etmək körpənizə öz dünyasından baş çıxarmağa və özünü təhlükəsiz hiss etməyə kömək edəcək.
NÖVBƏTİ ADDIMLAR
- İlk günlərdə çox güman ki, kifayət qədər yata bilməyəcəyinizi qəbul edin. Mümkün olduqda dincəlin, körpəniz yatanda yatın və hələlik ev işlərini unudun.
- Körpənizin təhlükəsiz, rahat yuxu şəraitinə malik olduğuna əmin olun
- Hər gün evdən çıxmağa çalışın. Təmiz hava həm sizə, həm də körpənizə yaxşı təsir edə və bu fəaliyyət onun yatmasına kömək göstərə bilər.
- Özünüzü əldən düşmüş hiss edirsinizsə, sizə praktiki tövsiyələr verməsi və sizi sakitləşdirməsi üçün tibb mütəxəssisi ilə söhbətləşin.
- Həmçinin körpənizin xüsusən gecələr narahat olduğunu hiss edirsinizsə, həkiminizlə danışın. O, körpənizin kolik kimi hansısa narahatlıqdan əziyyət çəkib-çəkmədiyini yoxlayacaq.
- Birlikdə, yoxsa beşikdə yatmaq? Sizin üçün ən yaxşısının hansı olduğuna özünüz qərar verin.
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.