Özünüzün qayğısına qalın

Xülasə

Yeni doğulmuş körpəniz sizin üçün dünyanın mərkəzidir, amma ona qayğı göstərmək üçün fiziki və emosional cəhətdən güclü və sağlam olmağınız lazımdır. Sizi hansı dəyişikliklərin gözləyə biləcəyini və dəstək üçün nəyə baş vuracağınızı öyrənin.

Fasilə götürün

Təbrik edirik! Siz heyrətamiz bir iş görmüsünüz. Siz yeni bir insanı özünüzlə birlikdə daşıdınız və onu dünyaya gətirdiniz, indi isə onun qayğısına qalmaq və qidalandırmaq zamanıdır (bəlkə də ən çox eləmək istədiyiniz şey yatmaqdır). Bu fərəhləndirici bir təcrübə olacaq, amma çətin olacağı da şübhəsizdir. Siz müstəqil olmağa vərdiş etmisiniz, amma indi təklif edilən hər bir köməyi qəbul etməyiniz vacibdir. Yeni doğulmuş körpəniz üçün əlinizdən gələn hər şeyi etmək istəyirsiniz və buna gücünüzü bərpa etmək üçün özünüzə vaxt ayırmağınız da daxil olmalıdır. Yadda saxlayın ki, siz bu bənzərsiz mərhələdən zövq almağa layiqsiniz.

Emosional dəyişikliklər

“Körpə qüssəsi”

Doğuşdan sonra ilk bir neçə gün kədər hissinin yaşanılması çox rastlaşılan haldır və bu, “körpə qüssəsi” kimi bilinir. Bu, olduqca mühüm həyat hadisəsinə göstərilən təbii reaksiya ola bilər, amma doğuşdan sonra hormonlarda, xüsusən də “sevgi hormonu” olan oksitosin səviyyəsinin aşağı düşməsi ilə əlaqəli ola bilər. “Körpə qüssəsi” tibbi müdaxilə tələb etmir, amma ailə üzvlərinizin və dostlarınızın sizi başa düşməsi kömək edəcək. Əgər bu hisslər bir neçə gündən sonra yoluna düşməsə, ginekoloqunuzla danışın.

Postnatal depressiya

Postnatal depressiyanın (PND) hər on anadan birinə təsir göstərdiyi düşünülür və simptomların üzü çıxması bir neçə ay çəkə bilər. O, travmalı doğuş, yuxusuzluq, bəzən isə ana olmağın ağır öhdəliklərindən yarana bilər. Simptomlar fərqli olur, amma ruh düşgünlüyü, təşviş, panik atak, irrasional düşüncə, özünü sanki keyimiş və daxilən boş hiss etmək kimi əlamətlər müşahidə olunur. Söhbət terapiyası adətən tətbiq edilən ilk müalicə üsulu olur, amma dərman qəbul etsəniz belə, yenə də körpənizi təhlükəsiz şəkildə əmizdirə biləcəksiniz. Əgər özünüzdə simptomları müşahidə edirsinizsə, ən qısa vaxtda dəstək istəyin. Ginekoloqunuzla danışın. Siz tək deyilsiniz və ətrafınızda çox sayda kömək mövcuddur.

Fiziki dəyişikliklər

Doğuş prosesiniz rahat keçsə belə, körpəni dünyaya gətirmək fiziki bir prosesdir və orqanizminizin bərpası üçün bir qədər vaxt lazım olacaq. Ağrılar, sızıltılar, göyərmələr gözlənilə bilər. Ağrılar qısa vaxtda keçməli olsa da, bir neçə həftə ərzində özünüzü tam gümrah hiss etməyinizi gözləməyin. Gücü yenidən bərpa etməyin ən yaxşı yolu bacardığınız qədər çox dincəlmək və yatmaqdır.

Sizi nə gözləyə bilər?

Göyərmə 
Siz epidural inyeksiya (əgər sizdə olubsa) olan hissədə, kanula və damcıların daxil edildiyi yerlərdə göyərmələr müşahidə edə bilərsiniz.

Qıcolma
Əzələlərin sıxılması və doğuşdan əvvəlki vəziyyətinizə qayıtmağınız səbəbindən uşaqlıq boşluğunuzda qıcolmalardan əziyyət çəkə bilərsiniz.

Həssaslıq
Kolostrumun ana südünə keçməsi bir neçə gün çəkə bilər. Vücudunuzda süd yaranması nizamlandıqca gündən günə döşlərinizdə həssaslaşma hiss edə bilərsiniz.

Qanama
Doğuş metodundan asılı olaraq bütün qadınlar doğuşdan sonra müəyyən qanama yaşayır; gigiyenik bez qanı və ifrazatı hopdurur. Qanama altı həftəyə qədər davam edə bilər və tədricən azalmalıdır, amma ağırlaşmaya doğru getsə, həkiminiz və ya ginekoloqunuzla danışın.

Qaşınma
Doğuş zamanı anasteziya edilibsə, bir neçə gün qaşınmanın olması mümkündür. Qaşınma epiduralda istifadə olunun bəzi ağrıkəsici növlərinin (morfin kimi) təsirindən yarana bilər.

Perianal narahatlıq
Hemorroy və perianal hissədə ağrı oturmağı narahat hala gətirə bilər. Əgər belə bir hal varsa, ginekoloqunuz və ya həkiminizlə danışın; onlar şişi azaltmaq üçün maz və ya buz paketləri tövsiyə ed bilərlər.

Qeysəriyyə
Əgər doğuş qeysəriyyə əməliyyatı ilə olubsa, əməliyyat olan yerdə ağrı və narahatlıq hiss etmək ehtimalı yüksəkdir. Altı həftə müddətində körpənizdən daha ağır bir şey qaldırmağınız və ya daşımağınız tövsiyə olunmur.

Öz-özünə inyeksiya

Doğuşdan sonra ilk yeddi gün ərzində xəstəxanada olmağınızdan və ya evə buraxılmağınızdan asılı olmayaraq, qan laxtalanması riskini azaltmaq üçün sizə antikoaqulyant inyeksiya təyin edilə bilər. Əgər evdəsinizsə, sizə əvvəlcədən ölçülmüş doza veriləcək. İstifadə edilmiş iti alətlər üçün tullantı qabı və təlimatla da təmin olunacaqsınız. İynə balacadır, dozanın uğurla vurulduğunu bildirmək üçün inyeksiya qələmi şaqqıldayacaq.

Yenidən ayaq üstdə

Doğuşun necə keçməsindən asılı olaraq özünüzü ətrafda gəzəcək qədər güclü hiss etməyiniz bir qədər zaman ala bilər. Hazır olanda hərəkətə keçməyinizə kömək edəcək bəzi sadə tövsiyələr:

  • Dincəlin, az və tez-tez su için. Bacarsanız, ayaqlarınızı ehmalca dartın və çarpayıda oturun.
  • Çarpayıdan qalxmaq istəyəndə həyat yoldaşınızın və tibb bacısının kömək etməsinə şərait yaradın.
  • Sidik kisənizin və bağırsaqların işlədiyinə əmin olmaq üçün ayaqyoluna gedin.
  • Çarpayının uc hissəsində dik vəziyyətdə oturaraq çanaq əzələlərinizi işlədin. Doğuşdan sonra tikişlər olubsa, çanaq əzələlərini işlətmək üçün bir qədər gözləməyiniz lazım gələ bilər.
  • Uzun müddət yedizdirmədən sonra qol əzələlərinizdə yaranan ağrını azaltmaq üçün qollarınızı dartın və çiyinlərinizi burun.

Tədricən dirçəlmək

Bir neçə gündən sonra çanaq əzələləri məşqlərinin tezliyini və intensivliyini artırın. Otağın içində gəzin və əgər mümkünsə, təmiz havaya çıxın. Uzağa getməyinizə ehtiyac yoxdur. Yaxşılaşmağınıza kömək etməsi üçün kifayət qədər protein (yağsız ət, balıq, süd məhsulları və qabıqlı çərəzlər kimi) qəbul etdiyinizdən əmin olun. Hər gün iki litr su içməyə çalışın və sidik kisənizi 2-3 saatdan bir boşaltmağı unutmayın. Buna ehtiyacınız olduğunu həmişəki kimi hiss etməyə bilərsiniz.

Fitnesə geri dönüş

Yüksək təsirli idman hərəkətlərini (qaçış və ya aerobika kimi) etmək ən tez altı və ya səkkizinci həftədə postnatal yoxlamadan sonra mümkün ola bilər. Amma bunu edə bilməyiniz etməli olduğunuz və ya özünüzü hazırlaşdırmağınız mənasına gəlmir. Bədənizin səsini dinləyin və özünüzü məcbur etməyin.

Evə qayıdış

Evdə sağlamlıq yoxlamaları

Ginekoloqunuz və ya həkiminiz ilk bir neçə həftədə sizin yanınıza gələcək. Körpənizin çəkisi ölçüləcək və qalan analizlər ediləcək. Həkiminiz körpənizin ümumi sağlamlığı və səhhətini dəyərləndirməkdən əlavə, sizin yaxşılaşmağınızı da yoxlayacaq. O, ev şəraitinin təhlükəsizliyi ilə maraqlansa da, özünüzü itirməyinizə gərək yoxdur. Həkiminiz bilir ki, sizin əsas prioritetiniz körpənizdir. Yaddan çıxarmayın ki, həkim kömək etmək üçün oradadır, buna görə də bütün suallarına doğru cavab verin və narahat olduğu məqam barədə danışmasına imkan yaradın.

Postnatal yoxlama

Doğuşdan 6-8 həftə sonra körpənizin inkişafı və sizin yaxşılaşmağınızı yoxlamaq üçün həkiminizin qəbulunda postnatal, doğuşdan sonrakı yoxlama olacaq. Amma həkiminiz sizin emosional vəziyyətiniz barədə də suallar verə bilər və bu, çox vacibdir. Fiziki və ya psixoloji cəhətdən sizi narahat edən məqam varsa, həkiminizlə və ya ginekoloqunuzla danışın.

Digər qonaqlar

Qohumlarınız və dostlarınızın sizinlə görüşməyə səbirsizlənirlər, amma sizin prioritetiniz körpənizlə bağlılıq yaratmaq və sağalmaqdır. Hələlik “yox” deməyiniz yaxşı olar. Xoşniyyətli nənə və babalar gəlib qalmaq istəyirlərsə, bunun sizin üçün kömək, yoxsa stres mənbəyi olacağı mövzusunda realist olun. Bunun əvəzində başqa qohumlargildə qala bilərlərmi?

Kömək istəyin

Qonaqları qarşılamağa hazır olanda özünüzdə onlara süfrə açmaq məcburiyyəti hiss etməyin. Çay hazırlamaq kimi nələrsə etməyi onların özündən istəyin. İnsanların çoxu kömək etməkdən yalnız məmnunluq duyar. Onlar bu üsullarla da kömək edə bilərlər:

  • Paltar yumaq
  • Evi tozsoranlamaq
  • Qabları yumaq
  • Yemək bişirmək
  • Ərzaq alış-verişi
  • Siz çimərkən və ya mürgüləyərkən körpəni saxlamaq

Heç nə etməməyin əhəmiyyəti

Yeni doğulmuş körpənizlə keçirdiyiniz vaxt su kimi axıb gedəcək. Bu anı doya-doya yaşayın və bu xüsusi dövrdən ailə olaraq birlikdə zövq alın. Ehtiyacınız olandan çoxunu etməyin və vaxt tapan kimi dincəlin, məsələn, körpəniz yatan kimi siz də yatın.

Sağlam və balanslı pəhriz yaxşılaşmağınıza kömək edəcək və südünüzü körpəniz üçün bol qidalandırıcı maddələr ilə təmin edəcək.

Ev işləri gözləyə bilər. İlk həftələrdə gününüzü divana pərçimlənmiş halda keçirdiyinizə görə özünüzü günahkar hiss etməyin. Asqılı körpə daşıyıcısı körpənizi ehtiyac duyduğu yaxınlıq ilə təmin edəcək və buterbrod hazırlamaq üçün hər iki əliniz sərbəst olacaq. Daha da yaxşısı o olar ki, həyat yoldaşınız yanınızda olsun, körpə onda yatarkən siz də güc toplamaq üçün özünüzə zaman ayıra bilərsiniz; məsələn, duş qəbul etmək, təmiz havada gəzmək, yatmaq kimi fəaliyyətlər üçün.

NÖVBƏTİ ADDIMLAR

  • Doğuşdan əvvəl rahat bişən və faydalı yeməkləri dondurub saxlayın, bununla da körpəniz doğulduqdan sonra onları asan hazırlaya bilərsiniz.
  • Ənənəvi Hədiyyə almaları əvəzinə dostlarınızdan və qohumlarınızdan xahiş edin ki, ev işlərində kömək etsinlər və ya hədiyyə kimi evdə yemək bişirib gətirsinlər.
  • Hər hansı bir məqam ilə bağlı narahatlığınız varsa, özünüzü üzgün və qəmgin hiss edirsinizsə, bu barədə həkiminiz və ya ginekoloqunuzla danışın.
  • Özünüzü idman hərəkətləri etməyə məcbur etməyin.
  • Həyat yoldaşınızla və ümid edirik ki, yatan körpənizlə birlikdə nahar və ya şam yeməyinə çıxın. Təəccüblü olsa da, ilk aylarda bunu etmək daha asan olacaq, nəinki körpəniz daha diqqətli və öyrəşmiş olanda. Elə vaxt seçin ki, restoranda çox qonaq olmasın və sizə sürətli, gülərüzlü xidmət göstərilsin.

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x