Körpənizin uşaqlıq boşluğunda dad və qoxu hiss etməsi

Oxuma müddəti: 3 dəqiqə

Həyatın erkən dövrləri ilə bağlı araşdırmalarda əldə edilən nəticələr doğulmamış körpənizin dad və iybilmə duyğuları inkişaf etdikcə onun sizin yedikləriniz barədə fikir formalaşdırmağa başladığını göstərir.6 Onun dad tumurcuqlar 13-cü həftəyə qədər formalaşır və bu, ikinci rübün əvvəllərində dadbilmə duyğusunu inkişaf etdirə biləcəyi mənasına gəlir.1

Bundan əlavə, hamiləliyin 16-cı həftəsindən etibarən körpənizin iybilmə duyğusu işləməyə başlayacaq.1,2 Hamiləliyinizin sonunda körpəniz müntəzəm olaraq böyük miqdarda amniotik maye udacaq və araşdırmalar göstərir ki, bu amil gələcəkdə körpənizi ana südündən ayırarkən onun qida seçimlərinə təsir göstərə bilir.2

Amniotik maye və onun unikal xüsusiyyələri

Körpəniz hətta doğuşdan əvvəl də şirin dadlara üstünlük verir – görəsən niyə? Bunun cavabı amniotik mayenin tərkibinin qidalandırıcı maddələrin qarışığı, amino turşuları və qlükozadan ibarət olması ola bilər.

Onun təbii dadı bir qədər şirindir, amma araşdırmalar göstərir ki, əgər bu mayeyə daha şirin dadlar yeridilsə, onda körpə daha çox udmağa başlayacaq. Daha acı dad hiss etdikdə isə amniotik mayeni udmağı dayandıracaq.2 Körpənizin daha şirin dadlara üstünlük verməsi ana südü ilə qidalandığı müddətdə də davam edəcək, çünki ana südü də şirin dada malikdir.

Amma amniotik maye sadəcə şirin deyil. Araşdırmalar göstərir ki, o, yediyiniz qidaların təsirindən güclü dadları da özündə ehtiva edir. İnanılmaz olsa da, körpənizin təkrar-təkrar bu dadlara məruz qalması ana südündən ayırkən onun bu cür dadları xoşlamasına səbəb ola bilər.2-4

Bir araşdırmada hamiləliyin üçüncü rübündə gələcək analardan kök şirəsi içmələri istənildi. Bir neçə ay sonra ana südündən ayırarkən bu anaların körpələri ilə kök şirəsi içməyən anaların körpələri arasında müqayisə aparıldı və birinci qrupa aid olan körpələrin kök dadında sıyığı daha çox xoşladıqları aşkar olundu.4

Körpənizin qida seçimlərindəki bu inkişafı təkcə bətninizdə olarkən başlamır, eyni zamanda ana südü ilə qidalanarkən də davam edir, çünki ana südünün tərkibində yediyiniz qidalardan dadlar mövcuddur. Dadın iz buraxması müəyyən otlar və ədviyyatlar əlavə edilmiş yeməklərə münasibətdə ənənəvi seçimlərin davam etməsi ilə izah edilir. Bu dadlara amniotik maye, sonra isə ana südü ilə məruz qalması körpənizi ana südündən ayırdıqdan sonra da həmin dadlardan xoşlanmasına təsir edə bilər.2-4

Körpənizin iybilmə duyğusu

Yeni doğulmuş körpələr analarının qoxusunu dərhal tanıyıb ona üstünlük verdikləri üçün onların iybilmə duyğularının doğuşdan əvvəl inkişaf etdiyi düşünülür. Bir araşdırmada üzərində amniotik maye olan və maye olmayan döşdən qidalanmaq arasında seçim qarşısında qalan körpələrin əksəriyyəti məhz üzərində maye olanı seçmişdir. Onları buna yaddaşlarının sövq etdiyi düşünülür.5

Amma körpələr təkcə analarının qoxusuna üstünlük vermirlər. Hamiləlik dövründə ən çox yediyiniz qidaların qoxusunu da seçirlər.6 Növbəti araşdırmalar hamiləlik dövründə çoxlu badyan (ulduz anasonu) yeyən anaların körpələrinin də doğulduqdan sonra onun qoxusundan xoşları gəldiyi, heç yeməyənlərin körpələrinin isə xoşlamadıqlarını üzə çıxarmışdır.6 Bu fakt hətta erkən mərhələdə belə öz qidalanma seçimləriniz ilə körpənizin nəyi xoşlayıb, nəyi xoşlamadığına təsir edə biləcəyinizi göstərir.

Erkən həyat elmi sahəsindəki bu nailiyyətlər sağlam və balanslaşdırılmış hamiləlik pəhrizinin sizi və körpənizi daha çox qidalandırıcılar ilə təmin etdiyini və ana südündən ayırma dövründə körpənizin müxtəlif qidaları qəbul etməsinə təsir göstərdiyini üzə çıxarır.

  1. Lecanuet JP, Schaal B. Fetal sensory competencies. Eur J Obstet Gynecol Reprod Biol 1996;68:1-2.
  2. Ventura AK, Worobey J. Early influences on the development of food preferences. Curr Biol 2013;23(9):R401-8.
  3. Mennella JA et al. Garlic ingestion by pregnant women alters the odour of amniotic fluid. Chem Senses 1995;20:207-9.
  4. Mennella JA et al. Prenatal and postnatal flavour learning by human infants. Pediatrics 2001;107:E88-E93.
  5. Varendi H et al. Attractiveness of amniotic fluid odor: Evidence of prenatal olfactory learning? Acta Paediatr 1996;85:1223-7.
  6. Schaal B et al. Human foetuses learn odours from their pregnant mother’s diet. Chem Senses 2000;25:729-37.

Son baxış: 29 may 2020

Körpənizin gələcək sağlamlığı buradan başlayır

NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.

Əlaqədar məqalələr:

Sualınız var?

Həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

x