Davam edirik
Keçid etmədən əvvəl bilməli olduqlarınız
Körpənizi şüşə qabdan yedizdirməyi düşünürsünüzsə, onun yaşına uyğun ən yaxşı qabı və əmziyi necə seçmək, həmçinin şüşə qab fırçaları, sterilizasiya kimi vacib məqamlar barədə öyrənin.
Şüşə qabdan yedizdirməyə başlamamışdan əvvəl almalı olduqlarınız:
- Ən azı altı qab. Körpələrin çoxu gündə altı dəfə qidalanır, buna görə də şüşə qabdan yedizdirməyi planlaşdırırsınızsa, bu, əlinizin altında həmişə kifayət qədər qab olmasını təmin edəcək.
- Ən azı altı ədəd əmzik.
- Sterilizasiya üçün alətlər.
- Şüşə qabı təmizləmək üçün fırça.
Körpələr üçün şüşə qablar
Şüşə qablar iki ölçüdə olur:
- Kiçik, 120 ml-lik qablar: yeni doğulmuş və kiçik körpələr üçün uyğundur
- Böyük, 225 ml-lik qablar: daha böyük körpələr üçün uyğundur
Onlar üç cür genişlikdə mövcuddur:
- Geniş boğazlı – təmizləmək və doldurmaq rahatdır
- Orta
- Dar boğazlı
Bəzi geniş boğazlı qablar körpənizdə köp və narahatlıq yarada biləcək çox hava udmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanır. Geniş boğazlı qabların daha bir üstünlüyü ana südü ilə doldurarkən daha az dağılması və rahat təmizlənməsidir.
Bununla belə, adi şüşə qablar üçün əmziklərin daha rahat tapıldığını və onların çox güman ki, sterilizasiya üçün uyğun olduğunu müşahidə edə bilərsiniz. Körpənizin dar boğazlı qabları balaca əlləri ilə tutması daha rahat olduğu üçün bu qablar onun özü yeməyi öyrənməsini asanlaşdıra bilər.
Körpənizə şüşə qabın seçilməsi sizin və körpənizin hansına üstünlük verməsinə bağlıdır.
Anti-kolik şüşə qablar
Kolikin yaranmasının ehtimal edilən səbəblərindən biri körpələrin yemək vaxtı artıq hava udmalarıdır. Bəzi şüşə qablar və əmziklər körplərin udduğu havanın miqdarını azaltmaq üçün xüsusi olaraq hazırlanır. Körpəniz yedikdən sonra narahat görünmək və köpdən əziyyət çəkmək kimi kolik işarələri göstərirsə, belə qablardan birini sınamağa dəyər.
Sterilizatorlar
Xüsusən 6 aydan balacadırsa, körpənizin immun sistemi hələ formalaşmayıb. Buna görə də potensial olaraq ziyanverici mikrobları öldürmək üçün yemək əşyalarını sterilizasiya etmək vacibdir.
Sterilizasiya etməmişdən əvvəl şüşə qabları və əmzikləri ilıq sabunlu su ilə yaxşı təmizləyin və şüşə qab üçün təmizlik fırçası ilə fırçalayın. Onları qabyuyan maşına da qoya bilərsiniz.
Bunları etdikdən sonra körpənizin yemək əşyalarını sterilizasiya etməyin üç yolu var:
- Qaynatmaq
- Buxar sterilizasiyası – elektrikli buxar sterilizatoru, yaxud mikrodalğalı soba sterilizatoru ilə
- Soyuq su sterilizasiyası
Əmziklər
Əmziklər müxtəlif forma, ölçü və materiallarda olur. Sizin və sizin körpəniz üçün düzgün əmzik növü istifadə etdiyiniz südün növü və körpənizin seçimindən asılıdır. Yeni doğulmuş körpələr üçün ən yaxşısı asta axınlı əmziklərlə başlamaq, körpəniz böyüdükcə və əmməyə alışdıqca axının sürətini artırmaqdır.
Körpəniz yeyən zaman boğulursa, ağzından süd sıçrayırsa və ya axırsa, bu, həddən artıq sürətli axın əlaməti ola bilər; bu zaman daha asta axınlı əmzikdən istifadə edin. Bundan sonra da körpənizin şüşə qabdan yeyərkən əziyyət çəkdiyini düşünsəniz, başqa əmzik növü və ya brendinə keçin. Əmziklər əbədi deyil və xarab ola bilər, odur ki, müntəzəm olaraq yoxladığınızdan və dəyişmək ehtiyacı yaranarsa, körpənizin yaşına uyğun ölçünü seçdiyinizdən əmin olun.
Digər faydalı əlavələr
Şüşə qabdan qidalanma ləvazimatlarından başqa bu faydalı əlavələr də həyatınızı asanlaşdıra bilər:
- Elektrikli çaydan
- Tökülənləri silmək üçün bezlər
- Önlüklər
NÖVBƏTİ ADDIMLAR
Bunları alış-veriş siyahınıza əlavə edin:
- Ən azı 6 ədəd şüşə qab və 6 ədəd əmzik
- Şüşə qab fırçası
- Körpəniz südlü qatışıq ilə qidalanırsa, ona uyğun südlü qatışıq
- Önlüklər və kvadrat bezlər
Sterilizasiya seçimlərini də nəzərə alın. Buxar sterilizatoru almaq istəyərsiniz?
Son baxış: 28 iyul 2014
Körpənizin gələcək sağlamlığı buradan başlayır
NutriciaClub olaraq inanırıq ki, təcrübələr dayanıqlığın yaranmasına kömək edir; istər hamiləlik, istərsə də doğuşdan sonrakı dövrdə körpənizin qarşılaşdığı hər yeni şey onun gələcək inkişafını formalaşdıra bilər. Elmi səriştəmiz sayəsində sizin və körpənizin gələcəyə qucaq açmasına kömək edə bilərik.